Ana Səhifə / Cəmiyyət / Ən acı qiymət-22 il sonra
Muzadil Hesenov

Ən acı qiymət-22 il sonra

Müzadil Həsənov

Politoloq
Ukraynada artıq bir neçə aydır ki cərəyan edən olayların gedişatından və bu hadisələrin yaratdığı yeni geosiyasi reallıqdan Azərbaycan üçün önəmli olan bir neçə nəticə çıxartmaq olar.

Evvəla, aydın sezilir ki, ABŞ və onun NATO alyansı üzrə müttəfiqləri Rusiya ilə, çoxlarının düşündüyü və bəlkə də arzuladığı kimi sərt və açıq total xarakterli siyasi-iqtisadi savaşa deyil, strateji olaraq orta və uzunmüddətli perspektivə hesablanmış mübarizəyə qərar veribler və bu “muharibədə” vaxtaşırı Rusiyanın taktiki “Pirr qələbələrinə” də şərait yaratmış və müəyyən mənada “göz yummuş” da ola bilərlər.

Günümüzün acı ve sərt reallıqlarından biri də ondan ibarətdir ki, bu kompromissiz geosiyasi savaşda Ukrayna kimi böyük ölkələr belə çox ağır itkilər verə bilir və bu tarixi dartışmanın dağıntıları altında başıbəlalı post-sovet məkanında daha bir neçə ölkə rahatca qurban verilə bilər və müstəqilliyindən belə ola bilərlər.

Elə bu kontekstdə, bu problemləri nəzərə alaraq Azərbaycanın xarici siyasəti olduqca həssas, ehtiyatlı ve daha çevik olmalıdır.

Sözsüz ki, Rusiyanın Ukraynadan sonra növbəti hədəflərindən ən əsas olanı məhz Azərbaycandır.

Yanı, Rusiyanın Azərbaycanı tam olaraq öz təsir dairəsinə qaytarmaq üçün son zamanlar artırdığı cəhdlərini yaxın müddətdə daha da gücləndirəcəyi acıq-aşkar duyulmaqdadır.

Burada Kremlin məqsədi yaxın perspektivdə Azərbaycanı Avrasiya Birliyinə ve Kömrük İttifaqına qoşmaqla paralel, ümumiyyətlə Xəzər hövzəsindən Avropa Birliyinə alternativ qaz-neft nəqlini əngəlləməkdir.

Şübhəsiz ki, Rusiya Azərbaycanı öz qurumlarına qoşmaq üçün Azərbaycan hakimiyyətinə çoxşahəli basqılar edir və bundan sonra da gücləndirilmiş formada edəcəkdir. Həmin məqsədlə Kremlin hətda müəyyən şirnikdirici vədlər və təkliflər də verəcəyini gözləmək olar.

Böyük ehtimalla, bu əsasən Qarabağ münaqişəsiylə bağlı təkliflər olacaq. Və elə son vaxtlar Ermənistan və Azərbaycan mətbuatlarında dərc olunan və bir neçə işğal olunmuş rayonun güya Azərbaycana qaytarılmasıyla bağlı yayılan xəbərlər xüsusi məqsədlə sızdırılan informasiya silsiləsindən olanlara bənzəyir.

Lakin, burda Azərbaycan bu tip şirnikdirici təkliflərə aldanmamalı və yaxın keçmişimizdə Qarabağın və ətraf rayonların işğal tarixcəsində məhz Rusiyanın oynadığı aparıcı rolu unutmamalıdır.

İşğal olunmuş rayonların Azərbaycana qaytarılmasına və məcburi köçkünlərin Dağlıq Qarabağa yerləşdirilməsinə Rusiyanın yalnız bir halda razılıq verəcəyini güman etmək olar ki, o da Rusiyanın öz “sülhməramlı” qüvvələrinin Qarabağ və ətraf ərazilərdə yerləşdirəcəyi təqdirdə…

Bu “sülhməramlıların” isə Cənubi Osetiyanın və Abxaziyanın işğalında, eləcə də Rusiyanın Qara Dəniz Donanmasının Krımın anneksiyasında oynadıqları “xüsusi” rolu nəzərə alsaq, bu cür yanlış tarixi addımın Azərbaycanın gələcəyi üçün nə qədər dramatik fəsadlar verə biləcəyini görmək o qədər də çətin olmazdı.

Üstəlik, Qarabağın və ətraf rayonlarımızın işğal olunmasının başlıca səbəblərindən biri kimi elə məhz rus qoşunlarının Azərbaycandan çıxılrma qərarının olduğunu yada salsaq çox şey aydınlaşıb öz yerini tutar.

Ümumilikdə, belə demək olar ki, Qarabağın işğalı, bizim rus qoşunlarından azad olmağımızın və ümümiyyətlə müstəqilliyimizə qovuşmağımız üçün ödədiyimiz bır növ acı “qiymət” idi.

Və bu cür ağır çəkidə qurban verdiyimiz halda 22 il sonra yenə də hər şeyi ilkin vəziyətdən də ağır duruma gətirmək biz tərəfdən, sözsüz ki bağışlanmaz bir tarixi səhv olardı.

Yuxarıda bəhs etdiyimiz məsələ Rusiyanın Azərbaycan hakimiyyətinə verə biləcəyi şirnikdirici təkliflərin bir mümkün qismi idi. Kremlin basqı və təzyiq vasitələrini nəzərdən keçirmək istəsək isə onların ənənəvi olaraq nisbətən daha çoxçeşidli olmasını aydın görə bilərik. Bu vasitələr haqqında son vaxtlar yetərincə danışılıb və bu məsələləri ətraflı təhlil etmək üçün ayrıca bir məqaləyə ehtiyac var.

Yeganə olaraq, Rusiyanın Ukraynada tətbiq etdiyi “Çeçen diplomatiyasını” və yeni müharibə texnologiyalarını xüsusi nəzər yetirilməlidir.

Krımda və Ukraynanın cənüb-şərq regionlarında baş verən son olayların prizmasından baxanda bu ssenariləri istər-istəməz nəzəri də olsa Azərbaycana proyeksiya etməli oluruq.

Ümumiyyətlə istənilən ölkənin xarici təcavüzə daha dayanaqlı olması üçün, bir çox başqa amillərlə yanaşı hakimiyyətlə xalq arasında sıx bağlılıq və etibar olması faktoru çox vacibdir.

Və əfsuslar olsun ki, illərdir yürüdülən siyasətin nəticəsində hakimiyyətlə xalq arasında dərin bir uçurum yaranıbdır. Və elə bu üzdən də xaricdən istənilən formada təcavüz baş verəcəyi təqdirdə mövcud hakimiyyətin xalqa tam arxalana biləcəyi böyük bir sual altındadır.

Belə ki, ölkədə yaradılmış cari mühitin nəticəsi olaraq xarici işğal təhlükəsi anında belə əhalinin hətda yarı hissəsinin hakimiyyət ətrafında birləşəcəyi real görünmür.

Dövlətin təhlükəsizliyini və monolitliyinin sarsıdan bu faktorun olduğu azmış kimi, hakimiyyətin özü də, ABŞ səfirinin söylədiyi kimi heç də monolit deyil.
Və hakimiyyət daxilində onsuz da olduqca çox qüdrətli “Rusiya partiyasının” qarşı qüvvələrə son vaxtlar irimiqyaslı hücuma keçməsi buna səlis sübutdur.
Ümumiyyətlə, dövlətçiliyimiz üçün hakimiyyətin daxilində bu güvvənin mövcudluğu, şimal regionlarımızda baş verə biləcək Donetsk ssenarinisindən daha təhlükəlidir…

Cumhuriyyet.info

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir