Ana Səhifə / Cəmiyyət / Natiq Cəfərlidən düşündürücü yazı
Natig Jafarli

Natiq Cəfərlidən düşündürücü yazı

REAL hərəkatının icra katibi Natiq Cəfərli öz facebook səhifəsində iqtisadi böhran haqqında yazdı. Yazını olduğu kimi oxucularımıza təqdim edirik:

“Bu gün ölkə iqtisadiyyatında baş verənlər artıq böhran deyil, depressiyadır. Bu hal adətən böhrandan qat-qat ağır və uzunmüddətli olur və ancaq işlək institutlara, idarəetmə sistemində köklü dəyişikliklərə, hətta “siyasi elitanın” dəyişməsi hesabına bir neçə ilə depressiyadan çıxmaq mümkün olur. Bunun ən parlaq örnəyi 20-ci əsrin 30-cu illərində ABŞ-da baş verən “Böyük Depressiyadır”. ABŞ-da baş verən bu iqtisadi hadisə ciddi siyasi dəyişikliklərə “elitanın” dəyişməsinə, iqtisadiyyatın müvəqqəti “sollaşmasına” gətirib çıxartdı. Dövlət investisiyaları önə çıxdı, böhrandan çıxmaq üçün ABŞ kimi ölkəyə 4-5 il zaman lazım oldu, baxmayaraq ki, ölkədə ciddi iqtisadi və siyasi institutlar var idi. Böhran 1929-cu il, oktyabrın 24-də başladı, birjalar çökdü, banklar çökdü, işsizlik artdı, əhalinin alıcılıq qabiliyyəti dibə vurdu, ABŞ hökuməti çıxış yollarından biri kimi infrastruktur layihələrinə ciddi pul ayırdılar, yollar, körpülər tikildi, dəmir yolları çəkildi. Bütün bunlardan sonra 1933 – 34-cü illərdə ABŞ yavaş-yavaş depressiyadan çıxmağa başladı. Dediyim odur ki, ABŞ kimi bir ölkəyə illər lazım oldu ki, depressiyanı üzərindən atsın.

Bizim ölkədə iqtisadi və siyasi depressiyanın bütün əlamətləri var: İş yerləri qapanır, gəlirlər azalır, bank sistemi pis vəziyyətdə, alıcılıq qabiliyyəti düşür, mal dövriyyəsi, ticarət dövriyyəsi azalır, tək bir misal – təsəvvür edin ki, Gürcüstandan gətirilən maşın sayı yanvar ayında keçən ilə nisbətən 28 dəfə (!!!) aşağı düşüb. Bizdə dərd odur ki, nə iqtisadi, nə siyasi, nə ictimai bir dənə də işlək institut ayaqda qalmayıb. Nə birjalarımız var, nə iqtisadi qanunlarla işləyən modelimiz, nə normal Mərkəzi bankımız və hökumətimiz, nə də seçilmiş orqanlarımız var. Media və sivil toplum əzilib, siyasi partiyalar zəif, həmkarlar yox, ölkənin imici və reytinqi yerlərdə sürünür. Bütün bu amillər depressiyanı daha da dərinləşdirir, prosesləri “yer altına” (underground) çəkir, xaosa yol, ölkəmiz və dövlətimiz üçün təhlükələrə qapı açır.

Bütün problemlərin kökündə isə siyasi sistemdə, idarəetmədə elitanın, “oyun qaydalarının” dəyişməz qalmasıdır. Bu gün siyasi və iri biznes elitasına baxın – hamısı sovetdən qalıblar, ya özləri, ya da valideynləri sovetdə vəzifə tutmuş insanlardır. Müstəqillikdən 25 il keçib, yeni nəsil artıq var, nəsil dəyişib, amma bu yeni nəsil öz təmsilçilərini siyasi elitada ölkənin idarə edilməsində görmürlər, təmsilçilik qazana bilməyiblər. Nazirlər Kabinetinə baxın – əksəriyyət Sovet Azərbaycanının kadrlarıdır, bir az gənc yaşda olanların isə ya atası, ya anası Sovet Azərbaycanında vəzifə tutanlardır. Yəni, siyasi elita “sümükləşib”, öz çevrəsindən kənarda olanları yaxına buraxmırlar, bir-biri ilə qız alıb – qız verib qohum olurlar, bu da “elitanı” daha da sıx birləşdirir. Bir sözlə, əsil feodalizm qaydaları ilə “elitalar” formalaşıb. Biznesdə də bu belədir, bütün “uğurlu” biznesmenlər məmur övladlarıdırlar, ola bilməz axı ki, hamısı dahi biznesmen olsunlar, bu inandırıcı deyil.

Ölkənin depressiyadan çıxmağının yolu siyasi sistem dəyişikliyindən, elitaların qansız – qadasız dəyişməsindən keçir. Uğurlu ölkə qurmağın əsas şərtlərindən biri də maksimum 10 ildən bir dəyişə bilən, bunu adətə və seçkiyə bağlaya bilən siyasi elita dəyişməsindən keçir. Dəyişməz siyasi elitalar dünyanın hər yerində problemdir, korrupsiyaya yol açır, ölkələri xaosa, bataqlığa sürükləyir. Bunu hər kəs düşünsün və bir fincan çay, ya kofe süzüb, içə – içə bir daha düşünsün…”Natig Jafarli

Facebook Şərhləri

Müəllif administrator

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir